“Arşın mal alan” Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun sonuncu və ən məşhur operettasıdır. Əsər 1913-cü ildə Peterburqda yazılmışdır və 4 pərdədən ibarətdir. Operettanın Azərbaycan dilində librettosunun (əsərin ədəbi əsası) müəllifi Üzeyir Hacıbəyovun özüdür.
1913-cü il iyulun 30-da o, aktyor Hüseynqulu Sarabskiyə belə yazırdı: “…Mən dəxi bu halda bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də “Arşın mal alan”ı yazmaqdayam. Amma çox qəribə operetta olacaqdır… mənim əsərim gələcəkdə böyük bir iş görəcəkdir”. [Агаева Х. Узеир Гаджибеков. Баку-1955]
Bu məktubdan bir ay sonra yeni operetta “Nicat” cəmiyyətinin aktyorlarının ixtiyarına verildi. Operetta Hüseyn Ərəblinski tərəfindən səhnələşdirilirdi. Onun premyerası 1913-cü il oktyabrın 25-də Hacı Zeynalabdin Tağıyev adına teatrda baş tutdu. Tezliklə operetta Zaqafqaziya xalqlarının dillərinə tərcümə olundu. 1916-cı ildə “Arşın mal alan” ilk dəfə rus dilində səhnələşdirildi.
Sovet dövründə operetta daha da böyük nüfuz qazandı və SSRİ-nin bir çox xalqlarının dillərinə tərcümə edildi. Tamaşada Bülbül, Hüseyn ağa Hacıbababəyov, Ələkbər Hüseynzadə kimi sənətkarlar iştirak ediblər.
1962-ci ildə Moskvada musiqili komediya yenidən səhnəyə qoyulur. Operetta K.Stanislavski və V.Nemiroviç-Dançenko adına teatrın səhnəsində nümayiş olunur. Tamaşada Əsgər obrazını Rəşid Behbudov ifa edir. [https://azerhistory.com/?p=46322]
1945-ci ildə isə komediya əsasında bədii film çəkilib. Filmin rejissoru teatr rejissoru və aktyoru Rza Təhmasib, musiqisi isə bəstəkar Niyazi tərəfindən hazırlanıb. Filmdə Rəşid Behbudov (Əsgər), Leyla Bədirbəyli (Gülçöhrə), Ələkbər Hüseynzadə (Sultan bəy) və başqaları çəkiliblər. Film bir il sonra ümumittifaq ekranına çıxıb və onun yaradıcılarının əksəriyyəti SSRİ Dövlət Mükafatına layiq görülüb. Ekran əsəri indiyə kimi 86 dilə tərcümə edilərək, dünyanın 136 ölkəsində nümayiş etdirilib. [Dünyanı dolaşan “Arşın mal alan”. Azərbaycan.-2013.- 31 dekabr.- S.13.]
1966-cı ildə komediya əsasında ikinci bədii film çəkilmişdir. Ssenari müəllifi Muxtar Dadaşov, filmin rejissoru isə Tofiq Tağızadə idi. Filmdə Azərbaycanın tanınmış aktyorları Ağadadaş Qurbanov, Nəcibə Məlikova, Həsən Məmmədov, Xuraman Hacıyeva, Səfurə İbrahimova çəkiliblər. Filmin bəstəkarı Fikrət Əmirov olub.