Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən 58-ci binanın sakinləri iddia edirlər ki, illərdir mənbəyi bilinməyən su bu 6 bloklu binanın zirzəmisinə dolur. Bu haqda bu gün, 8 iyun tarixində Bakuplus.az Real TV-yə istinadən məlumat verir.

Evlərdə rütubət, xoşagəlməz nəm qoxusu, antisanitar vəziyyət və digər çətinliklər meydana gəlir. Ən əsas məsələ isə binanın zamanla qəzalı vəziyyətə düşməsidir. Çünki tikilinin məruz qaldığı nəmlik əsas dəmir sütunların, həmçinin su və kanalizasiya boruların paslanmasına səbəb olur.

Xətai rayon sukanal idarəsinin baş mühəndisi Əbülfəz Mamoyev bildirdi ki, binanın zirzəmisinə toplanan sular qrunt sularıdır. O, əlavə olaraq qeyd etdi ki, yaşayış və qeyri-yaşayış binalarının zirzəmisinə toplanan qrunt sularının yaratdığı problemlər, onların istiqamətləndirilməsi, həmçinin bununla bağlı xidmət göstərilməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin səlahiyyətlərində deyil. Lakin agentlik sakinlərin rahatlığı üçün hər zaman əlindən gələn köməyi etməyə hazırdır.

“Binanın konstruksiyasında fəsadlar əmələ gəlməməsi məqsədilə həmin sular əməkdaşlarımız tərəfindən xüsusi nasoslarla vaxtaşırı kənarlaşdırılır. Tərtib olunmuş siyahı üzrə qrunt suları ilə bağlı problemin aradan qaldırılması üçün xüsusi nasos sistemlərinin quraşdırılması planlaşdırılır. Yalnız bu sistem quraşdırıldıqdan sonra yığılmış qrunt suları kənarlaşdırılacaq və binaların zirzəmisində yaranan fəsadlar təkrar olunmayacaq”, – deyə mühəndis əlavə edib.