Bakının Bayıl qəsəbəsinin dərəsində tikilmiş evlərdən birinin üzərinə qaya parçası düşüb. Bu haqda bu gün, 9 iyun tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.

Hadisə iyunun 6-da baş verib. Xoşbəxtlikdən həmin zaman ev sahibləri mənzildə olmayıblar. Bu olaydan sonra ərazidə yaşayan digər sakinlər də narahat olublar. Çünki hadisənin yenidən baş verəcəyi təqdirdə sağ qalacaqlarını gözləmədiklərini deyirlər.

2004-cü ildən həmin ərazidə məskunlaşan sakinlər deyirlər ki, daşlar nadir hallarda təpələrdən yuvarlanaraq evlərə əvvəllər də çatıb.

Ev sahibi aidiyyəti qurumların hadisəyə biganə yanaşmasından şikayətlənir.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, faktla bağlı idarəyə müraciət daxil olub. Lakin insan faktoru təhlükəsi olmadığından sənədlər müvafiq rayon icra hakimiyyətinə göndərilib.

Səbail rayon İcra Hakimiyyətindən bildirilib ki, bir müddət əvvəl qeyd olunan ünvanda yerindəcə yoxlama aparılıb və lazımi orqanlara rəsmi müraciət edilib.