Bakıda qadın sifarişlə adam oğurlatdırıb. Bu haqda bu gün, 9 iyun tarixində Bakuplus.az news.milli.az-a istinadən xəbər verir.
Aygün Abbasova 6 nəfər idmançıya müraciət edərək, Xətai rayon sakini Hüseyn Əsgərovu oğurlamaqlarını sifariş edib. Belə ki, həmin şəxsin A.Abbasovaya 25.000 AZN borcu var imiş. Qadın idmançılara həmin məbləğdən 10.000 AZN vəd etmişdir.
İdmançılar H.Əsgərovu avtomobilə zorla əyləşdirərək A.Abbasovanın Pirşağı qəsəbəsindəki evinə aparıblar.
Daxili İşlər Nazirliyinin əməliyyatı nəticəsində girov götürülən şəxs azad olunub. Təqsirkarlar isə saxlanılıblar.
Məhkəmənin qərarı ilə idmançılar – Elçin Quliyev 11 il, Vasif Allahverdiyev 10 il, Niyaməddin Kazımlı, Şaiq Hüseynov və Fəqan Eminoğlu 8 il 6 ay azadlıqdan məhrum ediliblər. Fərəh Rəsulovaya sınaq müddəti seçilməklə şərti cəza verilib. Aygün Abbasova da 5 il həbs cəzası alıb. Lakin onun himayəsində azyaşlı uşaq olduğundan övladının 14 yaşı tamam olandan sonra məhkumluğu başlayacaq.
Fərəh Rəsulova universal döyüş üzrə dünya və Avropa çempionudur. Niyaməddin Kazımlı klassik güləş üzrə dəfələrlə Azərbaycan çempionu olub. Fəqan Eminoğlu cüdo millimizin sabiq üzvüdür. O, 2009-cu ildə Ermənistanda bürünc medal qazanıb. Vasif Allahverdiyev də güləşçi olub.