Bir ayağı amputasiya olunan 65 yaşlı Rəsmiyyə Hacıyeva Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsində oğlu və gəlini ilə birgə yaşayır. Qadın evdə gəlini və oğlunun şiddətinə məruz qalır. Bildirilir ki, qohumları onu dilənməyə məcbur edirlər. Tez-tez döyülən qadının bircə istəyi var: tezliklə qocalar evinə getmək. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az ATV-yə istinadən məlumat verir.

Antisanitar vəziyyətdə yaşayan yaşlı qadının doğmalarının zorakılığına məruz qaldığı, dilənməyə məcbur edildiyi iddia olunur.

Jurnalistləri qarşılayan Rəsmiyyə Hacıyevanın gəlini Mənzər İsgəndərova qayınanasını döyməsi və dilənməyə məcbur etməsi ilə bağlı soruşanda söyləyib ki, qonşular yalan deyirlər.

Əksini yaşlı əlil qadın deyir.

“Qorxuram, sonra döyəcəklər məni. Məni qocalar evinə apararsan? Mənə kömək edin. Gəlin qışqırır, bir dənə su istəyirəm, deyinə-deyinə verir mənə. Ağzından çıxanı deyir. Arada oğlum da döyürdü. İndi yox. Neçə gün getmədim, deyir, pul gətir. Sən Allah, onlara demə ki, mən demişəm. Məni öldürərlər burda. Yalan danışır gəlin. Onun yanında danışa bilmirəm”, – Rəsmiyyə Hacıyeva şikayət edib.

Xanımın mövcud həyat şəraiti ilə bağlı bu evə sosial xidmətlər agentliyinin əməkdaşı cəlb edilib. Qadınla söhbət aparılıb, ona aid olan məlumatlar toplanıb.

Əraziyə Binəqədi rayon polis idarəsinin əməkdaşları da gəldilər. Araşdırma zamanı Rəsmiyyə Hacıyevanın mütəmadi olaraq, təzyiqə məruz qalması faktı bir daha təsdiqini tapdı. O da bəlii oldu ki, Rəsmiyyə Hacıyevanın birgə yaşadığı Rauf adlı oğlu narkotik vasitənin asılılığından əziyyət çəkir.

Mövcud həyat şəraiti nəzərə alınaraq, Rəsmiyyə Hacıyevanın təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya yerləşdirilməsi qərara alındı. Müayinə və müalicə prosesi bitəndən sonra təvsilatlı qiymətləndirmə aparılacaq. Nəticəyə uyğun olaraq, Rəsmiyyə Hacıyevanın müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilməsi ilə bağlı qərar veriləcək.