Cari ilin mart ayında paytaxtın Əhmədli qəsəbəsində yerləşən “Bravo” hipermarketinə edilmiş silahlı basqınla bağlı ittiham olunan şəxslərin cinayət işi məhkəməyə göndərilib. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində aparılacaq.
Bildirilir ki, öncədən təqsirləndirilən şəxslər – Dəyanət Qüdrətov, Azər Məmmədov və Səbuhi Qurbanovdan əlavə, istintaq dövründə daha bir neçə nəfər həbs edilib.
Hadisə bu il, martın 4-də baş verib. Basqın nəticəsində 1 nəfər öldürülüb, 2 nəfər yaralanıb.
Keçirilən əməliyyatlar zamanı Ruhlan İsmayılov hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanov şübhəli şəxs qismində saxlanılıblar.
R.İsmayılovun zərərsizləşdirildiyi mənzildə 16.835 AZN, 20.100 ABŞ dolları, eləcə də “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, həmçinin çoxsaylı döyüş sursatları, D.Qudrətovun üzərində isə 1 ədəd “Blow TR 92D” modelli tapança aşkar edilib.