Bakının Nərimanov rayonu Ağa Nemətulla küçəsi ilə Çernyayevski küçələrinin kəsişməsində yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısındakı piyada səkisi piyadalar üçün keçilməz olub. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az ARB Xəbər-ə istinadən məlumat verir.

Səkinin bir hissəsindən qaz borusu keçir və bu səbəbdən piyadalar burada arabalarla hərəkət edə bilmirlər.

Ərazidə yaşayanların iddialarına görə, onları narahat edən məqam piyada səkisini zəbt edən obyektdə spirtli içkilərin satılmasıdır.

Piyada səkisində yan-yana düzülmüş vəziyyətdə bir neçə obyekt fəaliyyət göstərir. Həmin obyektlərin əhatəsində sıxılıb qalan avtobus dayanacağı öz funksiyasını yerinə yetirmir, qarşısında avtomobillər dayanır. Avtobus dayanacağındakı pavilyon yalnız obyektlərdə satılan məhsulların elanları üçün istifadə olunur.

Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən ən qısa zamanda problemin həll olunacağı vədi verildi. Təqribən bir saat sonra piyada səkisini zəbt edən obyektlərə xəbərdarlıq edildiyi və qanunsuz olaraq yola düzülən masaların dərhal yığışdırıldığı deyildi.

O ki, qaldı insanların yolunu kəsən qaz borusuna, Azəriqaz İB-dən deyildi ki, məsələ araşdırılacaq və lazımi tədbir görüləcək.