Tezliklə yeni tədris ili başlayacaq və tələbələr tətildən sonra paytaxta qayıdacaqlar. Hər il bu vaxtlar daşınmaz əmlak bazarı canlanır. Kirayə qiymətləri artmağa başlayır və tələbə üçün sərfəli qiymətə mənzil tapmaq çətinləşir.
Hazırda Bakıda 32 dövlət universiteti və akademiya, həmçinin 9 özəl universitet mövcuddur. Onların əksəriyyəti Yasamal, Səbail, Nəsimi və Nərimanov rayonlarında yerləşir. Ali məktəblər bölgələrdən gələn tələbələr üçün yataqxanalar təşkil etsə də, həmin yataqxanalarda bütün arzu edənlər üçün kifayət qədər yer olmur.
Bunu nəzərə alıb, Bakuplus.az komandası olaraq, əmlak bazarını araşdırdıq və bir sıra rayonlar üzrə kirayə qiymətlərini öyrəndik.
Yasamal rayonu universitetlərin daha çox sayına görə tələbələr üçün ən populyar rayonlardan biridir. Yasamalda 1 otaqlı mənzillərin qiymətləri həyət evlərində 200 manatdan, binalarda isə 300 manatdan başlayır. 2 otaqlı mənzillərdə qiymətlər təqribən 280-600 manat dəyərində, 3 otaqlı mənzillərdə isə 450-1000 manat dəyərində dəyişir. Mənzillərdə bir otağı kirayələmək istəyən tələbələr şərtlərdən və kommunal xərclərdən asılı olaraq, ayda 120-300 manat ödəməlidirlər.
Tələbatın daha çox olduğu rayon Səbaildir. Bu, həm şəhərin mərkəzidir, həm də burada təhsil müəssisələrinin çoxu yerləşir.
Burada ən ucuz 1 otaqlı mənzillər 350 manatdan, 2 otaqlı mənzillər 400 manatdan, 3 otaqlı mənzillər 500 manatdan başlayır. Digər kirayəçilərlə birlikdə mənzildə yaşamaq istəyən gənclər ayda 135-250 manat xərcləyəcəklər.
Şəhərin mərkəzini əhatə edən Nəsimi rayonunda da bir neçə ali məktəb yerləşir. Burada, demək olar ki, qiymətlər Səbaillə bərabərdir. 1 otaqlı mənzillər 250 manatdan, 2 otaqlı variantlar 300 manatdan, 3 otaqlılar isə 450 manatdan başlayır. Ev sahibləri evin bir otağını 100-250 manata kirayə verirlər.
Nəsimiyə yaxın olan Nərimanov rayonunda 1 otaqlı mənzillər 350 manatdan, 2 otaqlı 350 manatdan, 3 otaqlı mənzillər isə 450 manatdan kirayə verilir. Mənzildə bir otağı 100-250 manata tapmaq mümkündür.
Nizami rayonu şəhərin mərkəzindən uzaq olsa da, burada bir neçə metro stansiyası mövcuddur və bu səbəbdən gec olmadan mərkəzə çatmaq olar. Burada mənzillərin qiymətləri nisbətən aşağıdır. 1 otaqlı mənzilin qiyməti 190 manatdan, 2 otaqlı mənzilin 280 manatdan, 3 otaqlı mənzilin aylıq qiyməti 450 manatdan başlayır. Bir otaqla kifayətlənən tələbələr ayda 100-200 manat ödəyəcəklər.
Binəqədi rayonunda 1 otaqlı mənzillər 250-500 manat civarında, 2 otaqlı mənzillər 400-600 manat, 3 otaqlılar 500-1000 manat civarında kirayə verilir. Mənzildə bir otaq isə tələbələrə 150-200 manata verilir.
Xətai rayonu mənzil kirayəsi baxımından ən çox axtarılan ərazilərdən biridir. Tələbələri metronun və inkişaf etmiş infrastrukturun olması cəlb edir. Burada 1 otaqlı mənzillərin qiymətləri 200 manatdan, 2 otaqlıların 300 manatdan, 3 otaqlıların qiyməti 430 manatdan başlayır.
Mənzili kirayə götürərkən aylıq haqqının və kommunal xidmətlərin ödənilməsi şərtlərini diqqətlə müzakirə etməyinizi (çox vaxt kommunal xidmətlər mənzilin qiymətinə daxil edilmir), həmçinin ev sahibi ilə müqavilə bağlamağınızı tövsiyə edirik. Belə müqavilə həm kirayəçini, həm də mənzil sahibini qoruyur.