Ötən gün Xəzər dənizi platformasında beton blokların quraşdırılması zamanı döşəmənin çökməsi nəticəsində suya yıxılan və nəticədə boğulan şəxslərlə bağlı cinayət işi başlanıb. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən məlumat verir.

Cinayət işi “Əmək mühafizəsi qaydalarını pozma, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma” maddəsi ilə açılıb.

Hadisə 24 avqust tarixində “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) birinci mədən ərazisindəki neft yığım məntəqəsində qəzalı sahədə planlı təmir işləri aparılan zaman baş verib. Məntəqədə olan “Neftqaztikinti” trestinin əməkdaşları – 39 yaşlı qaynaqçı Şamo Nərimanov və 63 yaşlı quraşdırıcı Şirvan Ağaməmmədov beton plitələrin çökməsi nəticəsində dənizə düşüblər.