Mehriban Arif qızı Əliyeva 26 avqust 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

O, 1981-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu bitirib. Əliyeva 1988-1990-cı illərdə həmin institutda “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçib. O, 1990-1995-ci illərdə Moskvada Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib. 2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin Fəxri doktorudur.

Mehriban Əliyeva humanitar sahədə genişmiqyaslı fəaliyyət göstərib, Azərbaycan mədəniyyətinin, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllinə böyük dəstək verib. O, Azərbaycan Mədəniyyət Fondunu, üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan “Azərbaycan-İrs” jurnalını təsis edib. Bu fəaliyyətlərinə görə, UNESCO-nun və İSESCO-nun Xoşməramlı səfiri adlarına layiq görülüb.

Mehriban Əliyeva siyasi fəaliyyətlə də məşğul olur. O, 2005, 2010 və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir. 2017-ci ildə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilmişdir və bu vəzifəyə təyin edilən ilk qadın olmuşdur. Bununla əlaqədar onun Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərinə xitam verilmişdir.