Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsinin 38 və 39-cu məhəllələrinin yolları burada yaşayan sakinləri narahat edir. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az Real Tv-yə istinadən xəbər verir.

Sakinlər ərazidə olan küçədə asfalt örtüyünün olmamasından şikayət edirlər. Onlar deyirlər ki, sözügedən ərazilər 30 ilə yaxındır ki, asfalt üzü görməyib. Həmçinin ötən il onlara söz vermişdilər ki, yollar düzələcək, amma problem öz həllini tapmayıb. Bütün yol çuxurlardan və torpaqdan ibarətdir.

“İlk öncə burdan başladılar təmizlik işlərinə. Sonra saxladılar. Keçdilər aşağı məhəlləyə. İndi bizim küçə qalıb “bu gün, sabaha”. Hələ heç nə yoxdur ortada. Burada qışda palçıq olur, yayda isə hər yer qum və tozla örtülür”, – deyə sakinlər şikayət edirlər.

Yolun təmirsiz olması marşrut problemini də yaradır. Buna görə sakinlər əziyyət çəkirlər. Əlavə olaraq, onlar deyirlər ki, buranın dəqiq ünvanı olmadığından təcili yardım, taksi sifarişi zamanı çətinlik çəkirlər.

Suraxanı Rayon İcra Hakimiyyətindən (RİH) məsələ ilə bağlı bildirilib ki, işlər mərhələli şəkildə aparılır. Sözügedən ərazidə gələcək zamanlarda yeni asfalt örtüyü çəkiləcək.