Bakıda son zamanlar maraş dondurmasının satışı əvvəlkindən qat-qat məşhurlaşıb. Onların qeyri-standart satışı alıcıların marağına səbəb olur. Amma onların bəzilərini açıq halda yol qıraqlarında satırlar. Bu, nə qədər təhlükəsizdir? Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Dondurmanın küçədə açıq halda satılmasının təhlükəsiz olub-olmaması haqqında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib. Maraş dondurmaları ölkədə yoxlanıldıqdan sonra, sertifikatla təmin edilərək satışa buraxılır.

Satıcıların sözlərinə görə, tərkibində istifadə olunan inqrediyentlərin Türkiyənin Kahramanmaraş bölgəsindən gəlməyinə baxmayaraq, bu dondurma Azərbaycanda istehsal olunur. Həmçinin dondurmalar normalara uyğun satılır. Azərbaycan Respublikasının qanunlarına əsasən, dondurmaların satışına icazə verilir.

Lakin Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu dondurmaların satışı zamanı istehlakçıların hüquqları kobud şəkildə pozulur. Buna səbəb maraş dondurmalarının açıq satıldığından üzərlərində tərkibi haqqında heç bir bildirişin olmamasıdır.

Dondurmanın baha olmasına gəlincə, Hüseynov bunu onun Türkiyədən gəlməsi və əyləncəli üsulla satılması ilə əlaqələndirib.