Bakının Xətai rayonunun Sarayevo küçəsindəki 9 mərtəbəli binanın həyətində yerləşən park baxımsız hala düşüb. Bu haqda bu gün, 26 avqust tarixində Bakuplus.az AzTv-yə istinadən məlumat verir.
Uzunluğu 300 metrdən çox olan parkda yarımtikili binalar, qarajlar və sınıq vəziyyətdə qalan söhbətgahlar yerləşir. Parkın bir hissəsi hasara alınıb, orada tikinti işləri aparılır.
Sakinlərin sözlərinə görə, əvvəllər burada yelləncəklər də var idi. Lakin bir müddətdir ki, Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşları həmin yelləncəkləri ərazidən çıxarıblar, həmçinin yolları da qazıblar.
Ərazidə antisanitariya hökm sürür, uşaqlar isə oynamağa yer tapmırlar.
RİH-nin əməkdaşı Pənah İmanovun sözlərinə görə, sözügedən ünvanda qurum və Mənzil Təsərrüfat Birliyi tərəfindən hazırlıq işləri aparılıb. Rayon ərazisində mərhələli şəkildə abadlıq-quruculuq yenidənqurma işləri davamlı olaraq həyata keçirilir. Hazırda digər iki ünvanda aparılan işlər bitdikdən sonra həmin ünvanda da abadlıq işlərinə başlanılacaq.