Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən 12 ikimərtəbəli bina qəzalı vəziyyətə düşüb. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
93 il əvvəl tikilən binalar hər an uça bilər. Bunu orada yaşayan sakinlər deyirlər. Onlar, həmçinin əlavə edirlər ki, hər ötən gün binalarda təhlükəli vəziyyət daha da artır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binalara baxış keçirib, onların istismara yararsız olmasını təsdiq ediblər.
Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, bir sıra mənzil-tikinti kooperativləri bu ünvanda yerləşən binaları söküb mülkiyyətçiləri ilə qarşılıqlı razılaşma əsasında yeni yaşayış kompleksi tikmək niyyətindədirlər. Tikinti işləri davam etdirilərkən sakinlər müvəqqəti köçürülüblər, onlara yeni mənzillər verilənə qədər aylıq kirayə haqqının ödənməsi və tikilməkdə olan binada tam təmirli mənzillərin verilməsinə dair zəmanət verilib.
Lakin kirayəçilər mənzillərinin mövcud sahəsinə uyğun olmayan qeyri-qanuni tikililərin hesablanmasını tələb etdiyindən qarşılıqlı razılaşma əldə olunmayıb. Bu səbəbdən gələcəkdə sahibkarla sakinlər arasında narazılığın yaranmaması üçün hər hansı mənzil-tikinti kooperativi reallığa əsaslanaraq, sakinlərlə qarşılıqlı razılaşma əsasında məqsədyönlü təkliflər verərsə, Sabunçu Rayon İcra Hakimiyyəti etiraz etməyəcək və lazımi dəstəyi təmin edəcək.