Bakının mərkəzində, İstiqlaliyyət küçəsində yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizami adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi binasının fasadında quraşdırılan heykəllər illər keçdikcə baxımsız hala düşüb. Bu haqda bu gün, 28 avqust tarixində Bakuplus.az məlumat verir.
XIX əsrin ortalarında inşa edilmiş və birmərtəbəli karvansara, daha sonra “Metropol” mehmanxanası və nəhayət, 1945-ci ildən Ədəbiyyat muzeyi kimi fəaliyyət göstərən binanın fasadında dahi Azərbaycanın görkəmli şair və yazıçılarının heykəlləri quraşdırılıb. Meydana baxan (soldan sağa) Məhəmməd Füzuli (heykəltaraş F. Əbdürrəhmanov), Molla Pənah Vaqif (heykəltaraş C. Qaryağdı), Mirzə Fətəli Axundov (heykəltaraş P.Sabsay), Xurşidbanu Natəvan (heykəltaraş E. Tripolskaya), Cəlil Məmmədquluzadə (heykəltaraş N. Zaxarov) və Cəfər Cabbarlının (heykəltaraş S.Klyatsky) heykəlləri muzeyi bir növ Azərbaycanın dahi ədəbiyyat xadimlərinin panteonuna çevirir.
“1945-ci ildə ucaldılan və hələ də turistlərin və yerli sakinlərin marağına səbəb olan heykəllərin üzlükləri qopub. Böyük sənətkarların abidələri tərk edilmiş və baxımsız qalmış kimi görünür”, – deyə redaksiyaya müraciət edən izləyici qeyd edib.
Bina Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzərətindədir. Məsələ ilə bağlı müraciət edən Bakı sakinləri ümid edirlər ki, qurum bu məsələ ilə məşğul olacaq və abidələrin əvvəlki görkəminin bərpası üçün tədbirlər görüləcək.