Sosial şəbəkələrdə vətəndaşları “kreditə qızıl satılır” adı altında kiber üsullarla talayan dəstə üzvləri saxlanılıblar. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Cinayətkarlar TikTok sosial şəbəkəsində şirnikləndirici elanlar paylaşaraq vətəndaşları aldadıblar. Keçirilmiş əməliyyat zamanı şəbəkənin üzvləri, əvvəllər məhkum olunmuşlar – 39 yaşlı Elvin Həsənov, 35 yaşlı Loğman Zayidov və 38 yaşlı Ceyhun Kərimov rəqəmsal texnoloji metodlardan istifadə olunmaqla polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırmalar zamanı saxlanılan şəxslərin vətəndaşların onlayn pul köçürmələri şəklində müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirmələri məlum olub. Dəstə üzvləri izi itirmək məqsədilə “kreditlə qızıl” almaq üçün onlara pul köçürən şəxslərin hesablarını sonradan bloklayıblar və həmin vəsaitləri şəxsi hesablara köçürərək nağdlaşdırıblar. Belə üsulla 150-dən çox insan dələduzların qurbanları olub. İstintaq davam etdirilir.