26 aprel 1902-ci ildə İran şahı Müzəffərəddin Qacar Bakıya səfər edib. O, Bakıya gəlməyini və burada iki gün qalmağını öz səyahətnaməsində təsvir edib.

Səhər saatlarından Bakı limanının komandiri kontr-admiral fon Berq, vitse-qubernator Lilyev, Bakı meri Belyavski və digər rəsmi şəxslər dəmir yolu vağzalına toplaşmağa başladılar. Vağzalda bayraq və musiqi ilə süvari alayının 100 zabiti düzülmüşdü. Şah saat 10:15-də, yaşıllıqlarla, İran qalxanları və bayraqları ilə bəzədilmiş imperator qatarında gəldi. Orkestr onun gəlişini İran himni ilə qarşıladı. Sonra şah çar otağına keçdi və burada onu ruhanilər qarşıladılar, Belyavski fars yazıları ilə bəzədilmiş gümüş nimçədə ona çörək və duz təqdim etdi.

Şah gələnlərə təşəkkür edib, girişdə onu gözləyən və Bakı süvari alayı ilə əhatə olunan faytona yollandı. Şahın keçdiyi küçələrin bütün evləri İran və rus bayraqları və gerbləri ilə bəzədilmişdi. Birjevaya küçəsində tacir Ağa-Bala Quliyev tərəfindən onun şərəfinə tağ ucaldılmışdı. O, çələng, bayraq və gerblərlə bəzədilmişdi. [Газета Тифлисский Листок. 1902. 30 апреля]

Şah müvəqqəti qalmaq üçün erməni tacir Tumanyanın Qubernator bağının yanında inşa edilmiş evini seçmişdi. Binanın qabağında xalı-xalça döşənmişdi, bina bayraqlarla və çıraqlarla bəzədilmişdi. Qız qalasının və Qoşa qala qapısının üstündə iri məşəllər, rəngbərəng fənərlər yanırdı. Axşam dənizə şamlarla bəzədilmiş gəmilər, qayıqlar çıxmışdı, musiqi səslənirdi, toplardan yaylım atəşi açılmışdı. İran səfirliyinin böyük həyətində qurban kəsib, şənlik düzəltmişdilər.

Ertəsi gün şah, rus imperatorunun əmri ilə Tiflisdən Bakıya gələn Qafqaz canişini ilə görüşdü. Sonra Bakının bütün əyanları və şəhər hakimləri şahın hüzuruna gəldilər. Şaha rus imperatorunun hədiyyə göndərdiyi altı dənə tüfəng təqdim edildi.

Sonra şah rus admiralı Arsenyevlə neft mədəninə tamaşaya yollandı. Lakin burada ağır işlərdə çalışan iranlı bir fəhlə Şah küçə eyvanına çıxanda özünə od vurub yandırdı. Həmin axşam Hacı Zeynalabdin Tağıyev şahın şərəfinə böyük ziyafət təşkil etdi. Manaf Süleymanovun kitabına əsasən, o, həmin məclisdə şaha dedi: “Mən müsəlman olduğum halda bəs niyə mənim yox, gedib erməni Tumanyanın evinə düşdünüz?” Şah cavab verdi: “Sən müsəlman olsan da, rus təbəəsisən, Tumanyan isə mənim rəiyyətimdir. İran təbəəsidir, onun evi mənim evimdir”. O, Tağıyevlə söhbətdə ona: “Qayıdanda məktəbinə baş çəkəcəyəm”, – dedi. [Manaf Süleymanov. Eşitdiklərim, oxuduqlarım, gördüklərim. Bakı-1987]

Növbəti gün, 28 apreldə şah Müzəffərəddin müşayiətçiləri ilə dəmir yolu vasitəsilə Rostova yollandı. [Газета Тифлисский Листок. 1902. 30 апреля]

Bakıya səfər, Bakı, tarix, İran şahı