Bakının Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü massivindəki 17-ci küçənin yolları burada yaşayan sakinləri narahat edir. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Sakinlər ərazidə olan küçədə asfalt örtüyünün olmamasından şikayət edirlər. Onlar Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, problem indiyə kimi həll olunmayıb.
“Bu küçədə xəstə də qalır, əlil də, qazi də. Küçədə yerimək mümkün deyil. Yağışlı havalarda isə sözün əsl mənasında əziyyət çəkirik. Amma gəlib bu yolları düzəldən yoxdur”, – deyə sakinlər şikayət edirlər.
Səbail Rayon İcra Hakimiyyətindən (RİH) məsələ ilə bağlı bildirilib ki, asfalt örtüyünün təmir edilməsi ilə bağlı aidiyyəti üzrə rəsmi müraciət olunub.
Həmçinin bildirilib ki, ümumilikdə son 4 il ərzində sözügedən ərazidə müxtəlif ünvanlarda 65 kilometrdən çox yollarda asfalt örtüyü yenilənib.