Türkiyənin Zəfər Günü milli bayramı münasibətilə Bakıda Türk Şəhidliyi abidəsi ziyarət olunub. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Tədbirdə Cahit Bağçı, səfirliyin əməkdaşları, həmçinin burada fəaliyyət göstərən türk şirkətlərinin nümayəndələri və azərbaycanlı ictimai xadimlər iştirak ediblər.
İlk olaraq şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra isə Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib və bir sıra nümayəndələr çıxış ediblər. Sonda abidənin önünə gül və əklil qoyulub.
26 avqust 1922-ci ildə Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibə 30 avqust tarixində Dumlupınarda qələbə ilə bitmişdi. Nəticədə Birinci Dünya müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı alınmışdı.
