Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində azyaşlıların valideyn tərəfindən şiddətə məruz qaldıqları iddia olunur. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Ramana qəsəbəsinin 1-ci sahəsində yaşayan sakinlərin sözlərinə görə, psixoloji problemləri olan valideyn 2 və 7 yaşlı uşaqları söyür və döyür. Həmçinin uşaqları it damına soxub bağladığı, hamamda şiddət göstərdiyi, şillələrin səsinin küçədən belə eşidildiyi iddia olunur.
Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi Nurlan Əliyevdən verilən məlumata görə, polis və Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi komissiyasının əməkdaşları həmin ünvanda olublar:
“Azyaşlılar və valideynləri, eləcə də qonşular dindirilib. Azyaşlıların üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Psixoloq və icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə dindirilən azyaşlılar, eləcə də qonşular azyaşlılara qarşı təzyiq göstərilmədiyini bildiriblər. Məsələ ilə bağlı araşdırmalar davam etdirilir”.