Azərbaycan Uşaqlar Birliyinin sığınacağında reabilitasiya keçən 54 uşağın içərisində sənədsiz olanlar təhsil ala bilmirlər. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri, hüquq müdafiəçisi Kəmalə Ağazadə öz Facebook səhifəsində paylaşım edib.
Hüquq müdafiəçisinin qeyd etdiyi kimi, o, elm və təhsil naziri Emin Əmrullayevə məktub ünvanlayıb. Ağazadə nazirliyə müraciətində sənədsiz uşaqlar üçün elektron sistemdə “pəncərə” açılmasını xahiş edib.
“Mənim balalarım təhsil almalıdırlar. Bu, onların haqqıdır. Sənədləri olsa da, olmasa da, onlar oxumalıdırlar. Təhsil onların gələcəyidir. Uşaqların sənədi olmadığına görə onları nə məktəbə, nə də bağçaya götürürlər. Bakı şəhəri, Binəqədi rayonu 246 saylı məktəbdə təhsilə, eləcə də fərdi təhsilə cəlb olunacaq 22 uşaq yeni tədris ilində birinci sinifdə oxumalıdır.
12 bağça yaşlı uşaq isə məktəbəqədər təhsilə cəlb olunmalıdır. Çarəsiz vəziyyətdə gözləyirik. Qeyd edim ki, bu uşaqlar insan alverinin, məişət zorakılığının, erkən nikahların potensial qurbanlarıdır. Kimsəsiz, baxımsız və bu qəbildən olan uşaqlara mərkəzimizdə sosial, psixi, tibbi, hüquqi yardımın göstərilməsi, onların sığınacaqda təhsillə, paltarla, qida və zəruri xidmətlərlə təmin edilməsi həyata keçirilir.
Hansı ki, bu təşkilat Nazirlər Kabinetinin 2012-ci il 25 aprel 89 nömrəli qərarına uyğun olaraq məişət zorakılığından zərər çəkmiş şəxslərə xidmət göstərilməsi üçün akkreditasiya olunub”, – Ağazadə Bizim.Media-ya verdiyi müsahibədə qeyd edib.
Kəmalə Ağazadə əlavə edib ki, sənədlərlə bağlı problemlər olsa da, Azərbaycanın tamhüquqlu vətəndaşı olan bu uşaqların təhsilsiz qalması yolverilməzdir.
Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bu məsələ araşdırılır və xüsusi nəzarətə götürülüb.