Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatı yekunlaşıb. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Sonuncu yarış günündə kişilər arasında 50 metr məsafəyə tüfəngdən hərəkətdə olan hədəfə atəş açma növündə mübarizə aparılıb. Polşa atıcısı Lukas Çapla qızıl medala layiq görülüb. Ukraynalı İqor Kizima 2-ci, İsveçli Emil Martinsson isə 3-cü yerləri tutublar. Eyni növün komanda yarışında isə Ukrayna 1-ci, İsveç 2-ci, Finlandiya 3-cü yerlərdə qərarlaşıb.

Kişilər arasında tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə qarışıq növdə (sürətli və ya asta) atəş açma növündə İsveç atıcısı Yesper Niberq qızıl, onun həmyerlisi Emil Martinsson gümüş, Finlandiyalı Krister Holmberq isə bürünc medal qazanıblar. Bu növdə komanda yarışında Ukrayna 1-ci, İsveç 2-ci, Finlandiya 3-cü olub.

Daha sonra bağlanış mərasimi keçirilib. Burada Beynəlxalq İdman Atıcılıq Federasiyasının baş katibi Villi Qril və Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov çıxış ediblər.

17 gün davam edən dünya çempionatında nəzərdə tutulduğundan daha çox, 64 dəst medal qazanılıb. Yarışda ən çox medalı Çin, ən çox qızıl medalı isə Çin, Ukrayna və Hindistan komandaları götürüblər.

Atıcılıq üzrə dünya çempionatı yekunlaşıb
Foto Apa.az
Atıcılıq üzrə dünya çempionatı yekunlaşıb
Foto Apa.az