Bakının Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 157 ünvanında yerləşən ikimərtəbəli bina istismar müddəti başa çatdığından qəzalı vəziyyətdədir. 1901-ci ildə tikilmiş evdə hazırda 31 ailə yaşayır. Bu haqda bu gün, 31 avqust tarixində Bakuplus.az Pravda.az-a istinadən məlumat verir.

Bu barədə binanın sakinləri bildiriblər və şikayətlərində belə şəraitdə yaşamağın mümkün olmadığını qeyd ediblər.

“Buna baxmayaraq, sakinlərin ərazidən köçürülməsi ilə bağlı konkret işlərə başlanılmayıb. Döymədiyimiz qapı qalmayıb. Hər dəfə eyni cavabı alırıq: “Narahat olmayın, yaxın vaxtlarda problem aradan qaldırılacaq”. Siçan, siçovul, rütubət əlindən yaşaya bilmirik. İstismar müddəti bitdiyi üçün binanın pilləkənləri də qəzalı vəziyyətdədir və sakinlər üçün təhlükə yaradır. Yağışlı, küləkli havada bina daha da dağıntıya məruz qalır. Bu günə qədər öz vəsaitimiz hesabına uçulmuş hissələri bərpa etməyə çalışmışıq. Aidiyyəti qurumlardan məsələyə baxılmasını tələb edirik”, – deyə sakinlər şikayətlənirlər.

Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinə sorğu göndərilsə də, hələ ki cavab verilməyib.