Gürgən Xəzər sahilində yerləşən Azərbaycanın qədim şəhərlərindən biridir. Yaşayış məntəqəsi Bakının indiki Xəzər rayonunun ərazisində, Zirə kəndindən beş kilometr şərqdə, Gürgən burnunda mövcud olub. Yerli əhali buranı “Şəhri-Gürgən” adlandırır.
Şəhərin girgan tayfasının məskunlaşması nəticəsində yaranması ehtimal edilir. Girganlar Xəzərin cənub-qərb sahilində yaşamışlar, sonralar onların müəyyən hissəsi Xəzər sahili boyu hərəkət etmiş və Abşeronda məskunlaşmışlar. [Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı-2007]
XIV-XV əsrlərdə dəniz səviyyəsinin qalxması səbəbindən Gürgən suya qərq olmuşdu, onun sakinləri isə indiki Zirə kəndinə köçmüşdülər. Sonralar suyun səviyyəsinin enməsi ilə şəhərin çevrəsi yenidən üzə çıxmışdı. [Мамедов С. Колебание уровня Каспийского моря и старинные прикаспийские Азербайджанские города. Баку-2018]
A.A.Bakıxanov “Gülüstani-İrəm” əsərində qeyd edir: “İnkar etmək olmaz ki, Bakı ölkəsində Bilgəh, Zirə, Bibiheybət və sair kəndlərdə və bəzi adalarda daşlar üzərində dənizə doğru gedən araba yolları görünür”. Bu məlumata əsaslanaraq, güman etmək olar ki, qədim zamanlarda Şəhri-Gürgən Pirallahı adası ilə quru yolu ilə bağlı idi. [Bakıxanov Abbasqulu ağa. Gülüstani-İrəm. Bakı-2000]
1958-ci ildə tədqiqatçılar tərəfindən onun sahil və sualtı hissələri tədqiq edilmişdi. Burada 4-6 metr dərinlikdə yaşayış məntəqəsinin qalıqları aşkar edilmişdir. Son illərdə güclü tufanlar nəticəsində sualtı tikililərin əksəriyyəti dağılmış, yaxud lil və qumla örtülmüşdü. [Алиев Д.И. Исследование прибрежных и подводных памятников Каспия // Підводні дослідження: Археологія. Історія. Дайвінг. – 2012. Вып. IV. С. 75-83.]
Yaşayış məntəqəsinin sualtı hissəsində boyalı gil və saxsı qabların qalıqları aşkar edilmişdi. Batmış şəhərdən 250 metr şimalda kirjim (Xəzər dənizində işlədilmiş su nəqliyyatı vasitəsi) tipli yastıdibli gəmilər tapılmışdı. Bundan əlavə, qədim yaşayış məskəninin xarabalıqları altında daş qəbirlər aşkar edilmişdi. Onlar tuncdan əvvəlki dövrə aid edilir. [Мамедов С. Колебание уровня Каспийского моря и старинные прикаспийские Азербайджанские города. Баку-2018]
Şəhri-Gürgən, Gürgən, sualtı tətqiqat, Bakının tarix