Prezident İlham Əliyev Bakıda velosiped zolaqlarının və duracaqlarının yaradılması ilə bağlı sərəncamlar imzalamışdı. Sərəncama əsasən, işlər başlanıldı, paytaxtın bəzi küçə və prospektlərində velosiped yolları da salındı. Lakin paytaxtda salınan bu velosiped yollarından daha çox elə velosiped sürənlər narazılıq edirlər. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az AzTV-yə istinadən məlumat verir.
Paytaxtın çox az hissəsində rast gəlinən velosiped yolları o qədər də ürəkaçan deyil. Velosiped sürənlər saatda 60 km sürət həddi təyin edilən magistral yola çıxaraq avtomobillərlə birgə hərəkət etməyə məcbur qalırlar.
Ekspertlərin sözlərinə görə, aradan düz 4 il keçəndən sonra məlum olur ki, işlər düzgün qurulmayıb.
“Bakıda və şəhər ətrafında real olaraq velosiped üçün infrastrukur yoxdur. Sadəcə bir neçə xırda epizodlar var. Velosiped nəqliyyata çevrilir və velosipeddən istifadə o qədər rahat olur ki, şəhərdə bunun yollarının, zolaqlarının şəbəkəsi olsun. Şəhərin bu başından o başına qədər rahat keçmək mümkün olsun. Şəbəkəyə çevirmək üçün də şəhərin yolları, prospektləri yenidən bölüşdürülməlidir, imkan yaradılmaldır”, – deyə ekspert Ərşad Hüseynov qeyd edib.
Aidiyyəti qurumdan isə bildirildi ki, velosiped yolları ilə bağlı layihə hazırlanır.
“Bu layihə çərçivəsində velosiped yolları şəbəkəsinin genişləndirilməsi, zəruri yol nişanları ilə təmin olunması, velosipedlərin və skuterlərin hərəkət təhlükəsizliyinin təmin olunması üçün zəruri mühafizə elementlərinin quraşdırılması planlaşdırılır. Bu layihə çərçivəsində mövcüd infrastruktur da qiymətləndiriləcək və aşkar olunan bütün çatışmazlıqlar aradan qaldırılacaq. Bütün bunlarla yanaşı, mikromobilliyin inkişaf etdirilməsi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində də tədbirlər görülür”, – Azərbaycan Yolüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib.