Fazil Salayev 1 sentyabr 1931-ci ildə Bakıda anadan olub.

Fazil Salayev Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olub. O, orta məktəbdə müəllim, “Azərnəşr”də tərtibatçı-rəssam kimi fəaliyyət göstərib. Salayev Yasamal rayonundakı məktəblərin birində Xalq artisti Afaq Bəşirqızının oxuduğu sinifdə rəsm dərsi keçib. Teatr İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra Akademik Milli Dram Teatrına işə qəbul olub. [Ekspress.- 2009.- 14-16 fevral.- S. 14.]

Aktyorun kinoda debütu 32 yaşında olub. O, “Ulduz” filmində Müxbir, “Bizim Cəbiş müəllim” filmində Mıqqı, “Dərviş Parisi partladır” filmində Qulaməli, “Şərikli çörək” filmində Qırçı Məhəmməd obrazlarını canlandırıb.

Kinorejissor Cəmil Quliyev hesab edir ki, Azərbaycan kinosunda “balaca adam” obrazını yaradan və bu obrazı ekranda inkişaf etdirən aktyor Fazil Salayev olub: “Bəzən onun yaratdığı obrazların adı da olmurdu. Ancaq onun bu obrazlara verdiyi həyat, təbiilik, dərinlik o obrazları bu gün də yaşadır”. [https://news.milli.az/culture/325002.html]

Fazil Salayev 1969-cu ildə “Şərikli çörək” filmində “Qırçı Məhəmməd” rolunda çəkilib. O, filmdə az görünsə də, dediyi “Cəhənnəmə ki” kəlməsi ilə qırçının əhvalatı tamaşaçılar arasında yadda qalıb. Aktyor Tariyel Qasımov F.Salayevi şanssız sənətkar hesab edir: “Şərikli çörək filmi məhz Fazilə görə uğur qazanmışdı və o film dövlət mükafatına təqdim olundu. Rejissor, operator, bəzi aktyorlara dövlət mükafatı verildi, amma Fazilə verilmədi. Bu, ona qarşı çox böyük insafsızlıq və haqsızlıq idi”. [https://news.milli.az/culture/325002.html]  [Mədəniyyət.- 2009.- 17 iyun.- S. 6.]Xalq artisti Yaşar Nuri isə aktyor haqda bu sözləri deyib: “…Fazilin çox böyük istedadı var idi. Nadir hallarda olur ki, aktyorun adını bilmirsən, amma oynadığı obrazlarla tanıyırsan. İndiyə qədər də onun adını bilmirlər, amma obrazlarını tanıyırlar, o, “filan roldakı aktyor” kimi yaddaşlarda qalıb. Heç bir fəxri adı olmayan Salayevin fəxri adı “filan aktyor” idi. [https://publika.az/news/tabloid/64698.html]

Fazil Salayev 20 iyul 1978-ci ildə vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.