Bakı Şəhər İcra Hakimiyyətində (RİH) paytaxt rayonlarının icra hakimiyyəti başçıları, paytaxt qəsəbələrinin icra nümayəndələri və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az məlumat verir.

Görüş sanitar-təmizlik, qanunsuz tikintilər, küçə və yol kənarlarındakı obyektlərin qarşısında abadlıq məsələlərinə həsr olunub.

İcra başçısı Eldar Əzizov tərəfindən RİH-lərin rəhbərlərinə ciddi iradlar tutulub və mövcud nöqsanların aradan qaldırılması ilə bağlı əməli tədbirlər planının hazırlanması tapşırılıb. Həmçinin Qaradağ RİH başçısının müavini Nadir Muradov və Binəqədi RİH başçısının müavini Hacıbala Babayevə xəbərdarlıq elan edilib.

Qaradağ RİHB-nin Müşfiqabad qəsəbəsi üzrə nümayəndəsi Coşqun Bayramovun, Binəqədi RİHB-nin M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi Zaur Qafarovun, Xəzər RİHB-nin Şüvəlan qəsəbəsi üzrə nümayəndəsi Mirzərauf Axundovun tutduqları vəzifəyə uyğunluğu məsələsinə baxılması həmin rayonların RİH başçılarına tapşırılıb, Qaradağ RİHB-nin Qızıldaş qəsəbəsi üzrə nümayəndəsi Hüseyn Axundov isə vəzifəsindən azad edilib.