Yasamal rayonu, Vasif Əliyev küçəsində sakinlər içməli suyun olmamasından şikayət edirlər. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Sakinlərin sözlərinə görə, su xətti çəkmək üçün asfaltı dağıdıblar və söz veriblər ki, yol təmir olunacaq. Ancaq indi nə su var, nə də yol. Sonradan məlum olub ki, su xətti yaxınlıqdakı çoxmərtəbəli bina üçün çəkilirmiş. Asfaltı isə təmir edən olmadı.
“3 ay əvvəl dağıtdılar. Elə də qoyub getdilər. Tozun, torpağın içindəyik. Biz palçığın içində və susuz nə edəcəyik?!” – deyə sakinlər şikayət edirlər.
“Azərsu”dan məsələ ilə bağlı bildirilib ki, yenidənqurma işləri hələ davam edir. Mərhələli şəkildə sözügedən ərazi həm su ilə təmin olunacaq, həm də yeni asfalt vurulacaq.