Bakıda Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirib. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az quruma istinadən məlumat verir.
Reyd zamanı paytaxtda müxtəlif ünvanlarda viza müddətindən artıq yaşayan və qanunsuz miqrasiyanın təşkilində iştirak edən 20 əcnəbi saxlanılıb. Bu şəxslərdən 18-nin 5-8 min dollar qarşılığında Azərbaycan ərazisindən istifadə etməklə Avropa İttifaqına üzv dövlətlərin ərazisinə daşınılması vədi ilə aldadılaraq ölkə ərazisinə gəlmələrinin təşkil edildiyi müəyyən olunub.
Təşkilatçılar xarici ölkədə yerləşən turizm şirkəti vasitəsilə əcnəbilərin asan yolla Avropa İttifaqı ərazisinə daşınılmasına dair təbliğat aparıblar. Həmin şəxslər Azərbaycan Respublikasına gəldikdən sonra 18 əcnəbini sənədlərinin hazırlanmasına inandırmaq məqsədilə pasportlarını alıb, onların pulunu mənimsəyib və əcnəbilərin viza müddətində ölkə ərazisini tərk etmələrinə maneə yaradaraq qanunsuz miqranta çevrilmələrinə şərait yaradıblar.
Həyata keçirilən tədbirlər nəticəsində qeyd olunan qanunsuz əməlləri törədən 2 əcnəbi müəyyən edilərək saxlanılıb və aşkar edilən hallarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.