Azərbaycan Kikboksinq və Sambo Federasiyalarının sabiq vitse-prezidenti, peşəkar idmançının (Səbuhi Vaqifoğlu) məhkəmə prosesi başa çatıb. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun hökmünə əsasən, o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihamlara görə, Səbuhi Rəcəb Səhiyyə Nazirliyində tanışı Şahin Əliyevi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin edəcəyi barədə yalan vəd verərək ondan dələduzluq yolu ilə 250.000 manat pul alıb.
Həmçinin o, tanışı Səbinə Əliyevaya birlikdə iş görüb, qazanc əldə etməsinə dair yalan vəd verib. Təqsirləndirilən şəxs bu adla ondan ümumilikdə 40.000 manatı dələduzluq yolu ilə alıb.
Digər tanışı Günay Əliyevanın “Bentley” markalı avtomobilini dələduzluq yolu ilə ələ keçirərək ona 51.000 manat məbləğində ziyan vurub.
Ümumilikdə Rəcəb 3 nəfərə qarşı 341.000 manatlıq dələduzluq törədib.
Səbuhi Rəcəb daha öncə Konstitusiya Məhkəməsində çalışıb, bundan əvvəl isə Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında vitse-prezident olub.
2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsini tutub.
O, 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.