Paytaxtın Türkan qəsəbəsindən Mərdəkana işləyən cəmi bir – 101 saylı avtobus marşrutu var, lakin avtobusların sayı 4 ədəddir. Avtobusların sayının azlığı və yarımsaatlıq intervalla hərəkət etməsi gediş-gəlişi çətinləşdirir. Bu haqda bu gün, 4 sentyabr tarixində Bakuplus.az Baku TV-yə istinadən məlumat verir.
Sakinlər deyirlər ki, qəsəbənin avtobus problemi illərdir həll olunmur.
“Avtobus problemi, demək olar ki, 10 il müddətində, bəlkə də ondan çox var. Qabaq Türkan qəsəbəsindən “Koroğlu” metro stansiyasına gedən 86 nömrəli marşrut olub. İndi isə metroya çatmaq üçün bir neçə marşrut dəyişmək lazımdır, bu da maddi cəhətdən ziyandır”, – sakinlər deyirlər.
Avtobusların sürücüləri isə deyirlər ki, daha tez intervalla hərəkət etmək onlara sərf etmir, çünki bu vaxtlar avtobuslar bomboş qalır. Yəni aparmağa sərnişin tapılmır.
“Ümumiyyətlə, 4 avtobus var. Dəyişiklik etsinlər, uzatsınlar yolu, “Koroğlu”ya işləyək. Avtobuslar səhər sıxlıq olduğuna görə, 20 dəqiqədən bir gəlir, günorta isə yarım saatdan bir. İndi gəlmişəm, heç kim yoxdur”, – deyə avtobus sürücüsü bildirib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, təhlillər nəticəsində 101, 150 və 187 nömrəli marşrutların sxemində dəyişiklik olunub. Hər 3 marşrutun işinin optimallaşdırılmasına, xüsusən də günün pik saatlarında şəhər mərkəzi istiqamətində nəqliyyat sıxlığının azaldılmasına müəyyən dərəcədə nail olunub.
Nəqliyyat agentliyinin rəsmisi Tural Orucov bildirib ki, daşıyıcılara xəbərdarlıq olunub, həmçinin marşrut üzrə daşımalara əlavə avtobusların cəlb edilməsinin zəruriliyi bildirilib.