Paytaxtın Yasamal rayonu, “Təzəpir” məscidi ətrafında və Nəsimi rayonunun “Kubinka” adlalan yaşayış massivində yerləşən fərdi evlər söküləcək. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az məlumat verir.

Ərazidə yaşayan sakinlərin qeydiyyatı aparılıb, evlərin ölçüləri götürülüb. Qısa müddətdə vətəndaşların köçürülməsi prosesinə start veriləcək.

“Kubinka”da plana əsasən, Ağadadaş Qurbanov, Cəlil Məmmədquluzadə, Balababa Məcidov və Əlibəy Hüseynzadə küçələrinin kəsişməsində yerləşən mənzillər söküləcək. Sakinlər mövcud olan yaşayış sahəsinə 20 faiz əlavə edilməklə yeni mənzillə təmin olunacaqlar. Onlara aylıq 500 manat kompensasiya məbləği də veriləcək. Mənzillər söküləndən sonra burada 4 mərtəbəli məktəb inşa olunacaq.

Yasamalda isə söküntü işləri Bəşir Səfəroğlu küçəsinin Azadlıq propektindəki 5 mərtəbəli binaya qədər olan hissəsini əhatə edəcək. Sakinlərə hər kvadratmetrə görə 2000 manat və aylıq 500 manat kirayə pulu veriləcək.

Şirkətlərlə razılığa gəlməyən və evinin sahəsi az olan sakinlər üçün müəyyən güzəştlər olacaq və bu istiqamətdə təkliflər hazırlanacaq.