Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsində yaşayan 23 yaşlı Tamara Nəzərova ailəsi tərəfindən məişət zorakılığına məruz qalıb. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az Bizim.Media-ya istinadən məlumat verir.

Əri həbsdə olan gənc qadın sirkə içizdirilərək intihara məcbur edilib. Maye gözlərinə və bədəninə də töküldükdən sonra o, ciddi xəsarətlər alıb. Hadisədən sonra qadın uşağından ayrılıb.

Nəzərovanın sözlərinə görə, aprelin 9-da qayınatası Vahab Manafov, qayınanası Nəzakət Manafova və qayınları Murad və Manaf Manafovlar ona işgəncə verib, övladını qoyub getməyə məcbur ediblər.

Onun qeyri-rəsmi həyat yoldaşı Maarif Manafov isə ötən ilin dekabrından narkotik istifadəçisi olduğu üçün tutularaq həbs olunub.

Tamara Nəzərovanın tələbi ailəsinin əlindən aldığı körpəyə qovuşması, ona işgəncə verənlərin cəzalandırılmasıdır. Qadının zorakılığa məruz qalması ilə bağlı bir neçə aydır Sabunçu rayon prokurorluğunda araşdırma aparılsa da, Tamara Nəzərovanın şikayəti üzrə ailəyə qarşı heç bir tədbir görülməyib.

Qadın, həmçinin rəsmi qurumlara şikayət bildirib. Onun sözlərinə görə, Sosial Xidmətlər Agentliyinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı M.Umarov və Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik yaşına çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasının nümayəndəsi R.Quliyevanın iştirakı ilə Körpələr Evinə verilən övladı ilə görüşdürülmür.

Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov isə saytımıza bildirib ki, Körpələr evində olan azyaşlının valideynləri ilə bağlı hüquqi proses davam etdiyi üçün məsələ ilə bağlı açıqlama vermək uyğun hesab edilmir. Uşağın ana ilə görüşü məsələsi isə agentliyin səlahiyyətlərinə aid deyil.

Baş Prokurorluqdan heç bir açıqlama almaq mümkün olmayıb.