Toyuq qrili satılan bəzi yerlərdə gigiyenik normalara riayət olunmur. Bu hallarla şəhərdə tez-tez ratlaşmaq mümkündür. Sanitar qaydalar gözlənilmədən bişirilmiş qrillərin vətəndaşların səhhətinə nə dərəcədə təhlükəli olduğunu ATV Xəbər araşdırıb. Bu gün, 6 sentyabr tarixində Bakuplus.az təqdim olunmuş reportaja istinadən bu barədə xəbər verir.
Bir neçə metro stansiyasının çıxışında heç bir gigiyenik qaydalara əməl olunmadan bu cür qrillər satılır. Toyuqların bişirildiyi sobaların neçə müddətdən bir təmizlənməsi məsələsi bir yana, bu qrillərin həmin sobalarda nə qədər saxlanıldığı da bilinmir.
“Hər axşam təmizlənir. Bir gündən çox qalsa, o ən azından qoxu verər”, – satıcı iddia edib.
Lakin deyildiyi kimi, qrildən kəskin qoxu gəlirdi.
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyir ki, toyuq bişirilən sobalar vaxtında təmizlənmir. Belə olduqda bişirilən toyuğun axıb tökülən yağı, piyi, sonradan bişmiş toyuqa bulaşa bilir. Bu şəraitdə satılan qrillər insan sağlamlığı üçün ciddi təhlükə yaradır.
“Qrillərin hazırlanmasında böyük antisanitariya mövcuddur. Onu hazırlayan adamların özləri müəyyən tibbi tələblərə cavab vermirlər, qril üçün nəzərdə tutulan toyuğun haradan götürüldüyü, harada və hansı şəraitdə saxlanıldığı qeyri-müəyyəndir. Heç bir nəzarəti olmayan bu qrillər insan sağlamlığı üçün mənfi təsir göstərir. Ciddi mədə-bağırsaq xəstəliklərinə gətirib çıxara bilər”, – Hüseynov bildirib.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) qeyd olunub ki, mövcüd olan qril sobalarının hamısına daim nəzarət etmək elə də asan deyil. Bununla belə fakt nəzarətə götürülüb və araşdırma aparılacaq.