Bakıda Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.

Festival çərçivəsində Bakı, eləcə də Gəncə, Şəmkir və Şuşada konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri və digər tədbirlər nəzərdə tutulub.

18-28 sentyabr tarixlərində keçirləcək festivalın ilk günündə Fəvvarələr Meydanında Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri çıxış edəcək. Həmin gün axşam isə Heydər Əliyev Sarayında Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş olunacaq.

Bundan əlavə, Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Bakı şəhərindəki uşaq musiqi məktəbləri şagirdlərindən ibarət 200 nəfərlik birləşmiş Xalq Çalğı Alətləri Orkestri Heydər Əliyev Mərkəzinin parkında çıxış edəcək, bədii proqramlar təşkil olunacaq.

Həmçinin festival günlərində Bakı şəhərindəki iri ticarət mərkəzlərində məşhur müğənnilərin ifasında Üzeyir Hacıbəylinin vokal əsərləri karaoke formatında səslənəcək. Arzu edən hər kəsin bu karaokeyə qoşulma imkanı olacaq.