Xəzər rayonunun Binə qəsəbəsindəki Sovxoz ərazisinin sakinləri “Azərsu” ASC-dən şikayətçidirlər. Səbəb isə küçədə su xəttinin olmasına baxmayaraq, onların evinə suyun çəkilməməsidir. Üstəlik, sakinlər iddia edirlər ki, bunun üçün əlavə ödəniş tələb edilir. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az Baku TV-yə istinadən məlumat verir.
Sakinlər bildirirlər ki, “Azərsu”nun nümayəndələri xətt çəkilməsi üçün onlardan 500 manat pul tələb edirlər. Onlar, həmçinin deyirlər ki, vəziyyət uzun illər həll olunmur: sakinlər ya arabalarla su daşımağa, ya da maşınlarla su almağa məcbur qalıblar.
“2 dəfə biz ərizə yazıb vermişik ki, gəlib bizə su çəksinlər. Deyirlər: “Sizin küçə planda deyil”. Necə olur, orada 3 küçə planda ola bilir, bu isə planda ola bilmir?”, – deyə vətəndaşlar təccüblənirlər.
Sakinlərin su problemi və rüşvət iddiaları ilə bağlı “Azərsu” ASC-nin rəsmisi Anar Cəbrayıllı açıqlama verib:
“Bizim master planımız var və master planına əsasən, gələcəkdə Binə qəsəbəsində və digər qəsəbələr və su olmayan ərazilər mərkəzləşmiş şəbəkə ilə təmin olunacaq. Bu layihənin icrası imkan verəcək ki, bizim əlavə su ehtiyatlarımız olsun və Binə qəsəbəsinin su almayan digər əraziləri də içməli su ilə təmin olunsun. Bunlar hamısı təsdiqlənmiş layihəyə uyğun olaraq həyata keçirilir, pul tələb edilməsi ilə bağlı iddianın heç bir əsası yoxdur. Sözügedən küçələrə növbəti mərhələdə su çəkiləcək”.
Anar Cəbrayıllı onu da bildirdi ki, Binə qəsəbə sakinlərinin cəmi üçdə biri su ilə təmin olunmayıb. Onlara da suyun verilməsi üçün artıq layihə üzrə anbarların tikintisinə başlanılıb.