Bakı Metropoliteni yeni ödəniş üsulunu tətbiq edib. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Belə ki, metronun “Xocəsən” və “8 Noyabr” stansiyalarında artıq telefonla ödəniş etmək mümkündür. Mobil tətbiq vasitəsilə ödəniş etmək üçün aşağıdakı addımları atmaq lazımdır:

  • “BakıKart” mobil tətbiqini “Google Play” və yaxud “App Store” tətbiqlərindən yükləmək;
  • Mobil tətbiqdə qeydiyyatdan keçmək (mobil nömrədən istifadə edilir və şifrə yaradılır);
  • Pul kisəsində balansı ən azı 1 manat artırmaq;
  • QR bilet (yaxud biletlər) yaratmaq (Bilet yalnız 5 dəqiqə etibarlıdır);
  • Turniketlərdə QR bileti ödəmə displeyinə yaxınlaşdırmaq və keçmək.

Bundan əlavə, tətbiqdən istifadə olunduqda ödəniş tarixçəsi yaranır və sərnişinlər aylıq büdcəsini elektron qaydada daha rahat izləyə bilərlər.

Elektron biletlərdən istifadə zamanı nəzərə alınmalı məqamlar:

  • QR bilet yalnız bir gediş üçün etibarlıdır;
  • QR bilet 5 dəqiqə ərzində etibarlıdır;
  • QR bilet üçün “pul kisəsi”ndə 1 manat bloklanır;
  • Gediş haqqı bloklanan məbləğdən çıxılır və qalıq məbləğ “pul kisəsi”nə qaytarılır;
  • QR biletdən 5 dəqiqə ərzində istifadə edilməzsə, bloklanan məbləğ 72 saat ərzində “pul kisəsi”nə qaytarılır.

Növbəti mərhələdə yenilik metronun “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında tətbiq olunacaq.

Metropolitendə ödəniş üsulu yenilənib
Foto Report.az