Martın 10-da Bakıda kriminal aləmdə “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərovu öldürməyə cəhddə təqsirləndirilən şəxslərin cinayət işləri məhkəməyə göndərilib. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilib. Növbəti iclas sentyabrın 13-nə təyin olunub.
Martın 10-u saat 14:00 radələrində paytaxtın Nəsimi rayonunun Səməd Vurğun küçəsində atışma baş verib.
Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində digər şəxslərlə qabaqcadan əlbir olan 28 yaşlı Şahmar İsmayılovun və 25 yaşlı Vüqar Quliyevin Nicat Əkbərovu (kriminal aləmdə Nicat Lənkəranski kimi tanınan şəxs) öldürmək istədikləri müəyyən edilib. Bu məqsədlə İsmayılov qanunsuz əldə olunmuş odlu silahdan atəş açıb, lakin Əkbərov atəşdən yayına bilib. Həmin vaxt hadisə yerində olan 40 yaşlı Tamerlan Hüseynov və 21 yaşlı Fəqan Rəhimli təsədüfən yaralanıblar.
Martın 21-də Nicat Əkbərov qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda törədildikdə maddəsi ilə istintaqa cəlb olunaraq saxlanılıb.