Bir neçə müddət öncə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ödənişli parklanma yerləri yaradıldı. Həmin yerlərdə isə ödəniş qaydaları ilə bağlı məlumatların əks olunduğu lövhələr yerləşdirilib. Lakin bəzi sahibkarlar və “parkovşik”lər heç bir qanuna məhəl qoymayaraq, ödənişli parklanma yerlərində belə bu kimi maneələr yerləşdiriblər. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.
Belə yerlərdən biri Səbail rayonunun Xaqani küçəsidir. Sürücülər ödənişli parklanma yerlərində qoyulan bu maneələrə görə öz narazılıqlarını bildirirlər. Bu problem paytaxtın bir neçə küçə və prospektində yaşanır. Yəni rəsmi qaydada müəyyənləşən parklanma yerləri yenə də bəzi işbazların şəxsi mülkünə çevrilib.
AYNA-nın Mətbuat Xidmətinin katibi Tural Orucov bildirdi ki, qanuni parklanma yerlərində ödəniş üsulu nağdsız qaydada həyata keçirilir. Buna görə də sürücülər həmin yerlərdə qanunsuz olaraq parklanmaya nəzarət edən şəxsi gördükdə ödəniş etməsinlər.
O ki qaldı maneələrə, sözçü bildirib ki, avtomobil yollarının kənarında nəqliyyat vasitələrinin parklanması üçün təşkil edilən yerlərin müxtəlif vasitələrdən istifadə etməklə məhdudlaşdırılması qadağandır. Bu cür hərəkətlər inzibati məsuliyyət yaradan haldır. Qeyd olunan ünvanda parkinqin zəbt olunması qanunsuzdur.
Orucov onu da qeyd elədi ki, bu kimi qanunsuzluqların qarşısı mütləq şəkildə alınacaq. Bunun üçün lazımi tədbirlərin görülməsi davam edir.