Bakıda kafe sahibinin azyaşlı oğlunu qaçıraraq pul tələb etməkdə təqsirləndirilən Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.

Toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Səbinə Məmmədzadənin icraatına verilib.

Hadisə cari il martın 25-də baş verib. Sakit Əlişov və Şahin Quliyev kafeyə basqın edərək sahibkarın başından dəmir parçası ilə vurublar. Daha sonra quldurlar onun azyaşlı uşağını qaçıraraq zirzəmidə stula bağlayıb və bıçaqla hədələyərək sahibkardan pul tələb ediblər. Onlar 200.000 AZN tələb etmələrinə baxmayaraq, 20.000 AZN-ə razılaşıblar.

Faktla bağlı “Hədə-qorxu ilə tələb etmə” maddəsi ilə cinayət işi başlanılıb.