Yeni tikilən M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq uzunluğu 129 kilometr olan hissəsi ödənişli olacaq. Bu barədə Azərbaycanın Baş Naziri Əli Əsədov Sərəncam imzalayıb. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Həmin yol 5 yaşayış məntəqəsi ilə birləşəcək:
- M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 75-ci kilometri – Giləzi qəsəbəsi;
- M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 105-ci kilometri – Siyəzən rayonu;
- R-1 Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 1-ci kilometri – Gəndob qəsəbəsi;
- R-4 Quba-Xaçmaz avtomobil yolunun 19-cu kilometri – Xaçmaz rayonu;
- R-5 Qusar-Xudat yolunun 22-ci kilometri – Xaçmaz rayonu.
Sərəncama əsasən, Tarif (qiymət) Şurası gediş haqqını, nəqliyyat vasitəsinin qət etdiyi məsafəni, çəkisini və ayda gedişlərin sayını nəzərə almaqla ödənişli avtomobil yolu ilə nəqliyyat vasitəsinin keçməsinə görə ödənişin məbləğini təsdiq etməlidir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ödənişli avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.