Şəhid Polad Şirinovun qardaşı Zülfüqar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) Proseslərin avtomatlaşdırılması ixtisasına qəbul olunsa da, təhsil haqqını qarşılaya bilmir. Bu haqda bu gün, 7 sentybar tarixində şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.

“Ən qısa zamanda 2000 manat ödəniş edilməlidir. 2020-ci ildə atasını itirib, anası xəstədir. Özü də hələ ki işləyə bilmir. Şəhidimizin əmanətinə dəstək olaq. Qardaşımızın təhsil almasına, lütfən, yardım edin”, – İslamoğlu öz Facebook hesabında paylaşım edib.

Məsələ ilə bağlı AZMİU-dan bildirilib ki, tələblərin qeydiyyatı onlayn şəkildə portal.edu.az saytı üzərindən qəbul olunur. Ödənişli əsaslarla qəbul olan sosial həssas qrupa daxil olan tələbələr ödənişdən azad olunurlar. Bunun üçün sosial qrupa daxil olmalarını təsdiq edən sənədi də portala əlavə edirlər. Sonradan onların ödənişini dövlət təmin edir. Sonrakı illərdə isə tələbələr ödənişlərini hissə-hissə edə bilərlər. Məsələn ayda 10% ödəniş edilə bilər. Onların müraciəti əsasında univeristetin rəhbərliyi tərəfindən bu imkan yaradılır.

Suraxanı Rayon İcra Hakimiyyətindən qeyd olunub ki, məsələ ilə bağlı məlumatlıdırlar və şəhid qardaşının ödənişsiz təhsil alması ilə əlaqədar aidiyyəti qurumlarla danışıqlar aparılır.

Polad Şirinov ötən il sentyabrın 13-də düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, ölümündən sonra “lll dərəcəli Rəşadət ordeni” və “Vətən uğrunda” medalı ilə təltif olunub.