Paytaxtın Xətai rayonu, Gəncə prospekti, 99 ünvanının sakinləri yaşıllıqlara qənim kəsilənlərdən şikayət edirlər. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.

Ötən il sakinlərin etirazına baxmayaraq, “Marin Group MTK” tikinti şirkəti sözügedən ünvanda bina tikmək üçün ərazidəki sağlam ağacları kəsib. Sakinlər iddia edirlər ki, tikinti şirkəti yaşıllığın “soyqırımını” davam etdirir və ərazidə qalan daha bir neçə ağac məhv ediləcək, yerində binanın həyətyanı sahəsi artırılacaq.

Vətəndaşlar binanın yerində olan böyük yaşıllıq ərazidən həm park, həm də dayanacaq kimi istifadə edirdilər. Qəfil peyda olan şirkət əməkdaşları sağlam ağacları məhv edərək sakinləri illərin yaşıllığına həsrət qoyublar. Şikayətlərə, etirazlara baxmayaraq, yaşıllıq ərazini indi beton göydələn əvəz edir.

Ağacların kəsiləcəyi ilə bağlı daxil olan şikayəti araşdırmaq üçün aidiyyəti qurumların əməkdaşları əraziyə gəliblər.

“Bura FHN-in əməkdaşları gəliblər, əraziyə baxıblar. Heç bir ağac kəsilməsindən söhbət gedə bilməz”, – deyə MTK-nın nümayəndəsi bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, daxil olan sorğu əsasında sözügedən ünvanda nazirlik əməkdaşları tərəfindən araşdırma aparılacaq.