Bir neçə gün əvvəl Yasamalda baş vermiş zəncirvari qəzada yeddidən ona qədər avtomobil iştirak edib. Hadisə sürücülərdən birinin avtomobilini yüksək sürətlə idarə etməsi səbəbindən baş verib. İlkin ehtimallara görə, nəqliyyat vasitələrinə 10.000 manatdan artıq maddi ziyan dəyib. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Belə hallar sığorta ödənişlərinin hansı qaydada paylanmalı olduğunu gündəmə gətirib. Sığorta eksperti Vüsal Bədəlovun sözlərinə görə, Bakıda hərəkət sıx olduğuna görə analoji hallar tez-tez baş verir. Və bu kimi hadisələrdə sığorta ödənişləri ilə bağlı narazılıqlar yaranır. Buna səbəb zərərvuranın sığorta şirkətinin maksimum beş min manatlıq maddi ziyanı qarşılamalı olmasıdır.
“Əslində sürücülərin az bir məbləğ ödəməklə öz məsuliyyət sığortalarının məbləğini artırmaq imkanları var. Yəni sürücülər icbari avtosığorta ödənişindən əlavə, təxminən 20-40 manat əlavə ödəməklə beş min deyil, əlavə 10 min manata qədər təminat ala bilərlər”, – ekspert söyləyib.
Əgər sürücünün əlavə sığortası mövcüd deyilsə, bu halda zərərçəkmiş şəxs məhkəməyə müraciət edə bilər. Məhkəmə qərarına əsasən, zərəri dəyən şəxs əlavə xərcləri öz hesabından qarşılamalıdır.