Paytaxtın Nizami rayonu, Ordubadi, 1 ünvanında yerləşən dördmərtəbəli binanın sakinləri mənzillərinin artırmalarının təzminat ödənilmədən sökülməsinə etiraz edirlər. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az Baku TV-yə istinadən məlumat verir.
Vətəndaşlar 30 ilə yaxın yaşadıqları mənzillərin qarşısında artırmalar tikiblər. Onların sözlərinə görə, bu işləri görmək üçün dövlət qurumlarının şifahi razılığını da alıblar.
Hazırda isə sözügedən bina plana düşüb və tamamilə sökülərək yerində yeni yaşayış binasının tikilməsi qərara alınıb. Bu məqsədlə söküntü işləri aparılarkən mənzillərin qarşısındakı artırmalara görə heç bir təzminat verilmir. Bu da vətəndaşların narazılığına səbəb olur.
Söküntü işlərini həyata keçirən MTK-nın sözçüsü Söhrab Əhmədov bildirib ki, binanın rəsmi planında həmin əlavələr qeyd olunmayıb, yəni sakinlər artırmaları tikərək yeni sahələri rəsmiləşdirməyiblər. Bu səbəbdən də onlara heç bir təzminat nəzərdə tutulmur.
Məsələ ilə bağlı hüquqşünas Emil Aslanov açıqlama verib: “Əgər həmin artırmalar hər hansı bir dövlət orqanı ilə razılaşdırılmayıbsa və ya artırmanın hər hansı bir sənədi yoxdursa, bu halda həmin artırma özbaşına tikili hesab edilir. Belə olan halda da həmin işlə bağlı konstitusiya məhkəməsinin şərhinə uyğun olaraq, əlavə hər hansı bir ödənişin ödənilməsi nəzərdə tutulmur”.
Faktla bağlı Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmaq cəhdi isə uğursuz olub.