Paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində, Şimal döngəsi, 1 ünvanında yaşayan sakinlər xeyli müddətdir antisanitar vəziyyətdən əziyyət çəkirlər. Evlərdən 300 metr kənarda tullantı qabları olsa da, məhəllədəki yarıya qədər hasarlanmış əraziyə zibil atılır. Bu haqda bu gün, 8 sentyabr tarixndə Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.
Küçədə yarımhasarlanmış fərdi sahənin baxımsız olmasına görə buraya naməlum şəxslər zibil atırlar. Sahənin sahibləri bir neçə dəfə maşın çağırıb ərazini təmizləyiblər. Lakin bir müddət sonra bu sahə yenə zibillə dolu olur.
“Biz kameradan baxırıq, tuta bilmirik. Axşam, gecə radələrində kim keçirsə, əlindəki zibili atıb keçir. Qutu qoyulsa, maşın gəlib buradan götürməyəcək”, – deyə yerli sakinlər şikayət edirlər.
Çəkilişdən sonra əraziyə Qaraçuxur bələdiyyəsinin nümayəndələri gəliblər və tullantılar təmizlənib. Tullantı qutuları quraşdırılmasına gəlincə, Qaraçuxur bələdiyyəsinin nümayəndəsi Vahid Mirzəyev açıqlama verib:
“Biz bura qutu qoydura bilərik. Amma bura başqa adamın ərazisi olduğu üçün bir az çətinliyimiz var. İcazə versələr, qoydurarıq. Yuxarıda bizim zibil yeşiklərimiz var. Ora aparmırlar, bura tullayırlar. Bura asan olduğu üçün tullayırlar”.
Ərazi tullantılardan təmizləndikdən sonra sakinlər belə halların bir daha təkrar olunmayacağına ümid etdiklərini bildiriblər.