Bakının XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində sentyabrın 14-də saat 19:00-da “Feminist arxeologiyası (İbtidai-icma quruluşunda qadın)” mühazirəsi baş tutacaq. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Mühazirənin müəllifi arxeoloq, eksperimental arxeoloji laboratoriyasının rəhbəri Əjdər Babazadədir.
Görüş zamanı sərgidə nümayiş olunan paleolit və neolit dövrlərinə aid Venera heykəlcikləri əsasında qədim zamanlarda qadının rolu, anaxaqanlıq, tanrı və ilahələrin semantikası haqqında bəhs ediləcək. Həmçinin Venera heykəlciklərinin tarixdəki yeri, bu mövzu ilə bağlı elmi müzakirələrin nədən ibarət olduğundan danışılacaq, hipotez və paradiqmalar təhlil ediləcək.
Bundan sonra iştirakçılar mühazirə ilə bağlı müzakirəyə dəvət olunacaqlar.
Əjdər Babazadə 2018-ci ildən AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda elmi fəaliyyətə başlayıb, 2022-ci ildə isə öz eksperimental arxeologiya laboratoriyasını yaratmışdır. Bir çox elmi məqalələrin müəllifidir. O, Azərbaycanda, həmçinin Yaponiya və Türkiyədə mühazirələrlə çıxış etmiş, arxeoloji qazıntı və araşdırmalar, habelə çöl tədqiqatları proseslərinə qatılmışdır.
Tədbirdə iştirak sərbəstdir. Əlaqə nömrəsi: 050 251 41 15.