FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Ölkə ərazisində güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan yağacağı gözlənilir. Bu səbəbdən vətəndaşlar təhlükəsizlik qaydalarına riayət etməyə çağırılırlar.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin küləkli havada yanğını söndürmək çətin olduğundan yanğından təhlükəsizlik qaydalarına riayət etmək xahiş olunur.

Bundan əlavə, ildırımdan qorunmaq üçün cihazları şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenə yaxınlaşmamaq, hündür ağacların altında durmamaq, eləcə də avtomobildə olduqda hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.