Sadıqov qardaşlarının mədaxil evi Bakı şəhərində, İstiqlaliyyət (keçmiş Nikolayevski) və Niyazi (keçmiş Sadovaya) küçələrinin kəsişməsində, Filarmoniya bağı ilə üzbəüz yerləşir. Bina 1910-1912-ci illərdə memar Qavriil Ter-Mikelovun layihəsi əsasında inşa edilmişdir.
1909-cu ildə Nikolayevski küçəsində binanın inşası haqqında qərar qəbul edilir. Binanın ərazisində əvvəllər qəbiristanlıq yerləşirdi. Bu səbəbdən inşaat başlanan zaman yerli əhali sifarişçi olan milyonçu Sadıqova deyirdi: “Ay Kərbəlayi, nə uğursuz yer seçmisən, boşuna pulu havaya sovurdun”. Sadıqov isə belə cavab verirdi: “Boş-boş danışmayın, lap da yaxşı yerdir. Hətta qubernator da evin qabağında mənim üçün bağ saldırıb”.
[Манаф Сулейманов. Дни минувшие. Баку-1990]
Bu evin layihəsinin tərtib olunması üzrə ümumrusiya müsabiqəsi elan edilir. Müsabiqədə Qavriil Ter-Mikelovun layihəsi birinci mükafatı əldə edir. Dörd mərtəbədən ibarət binanın inşası 1912-ci ildə başa çatır. Memar yerli iqlim şəraitini nəzərə alaraq, evin fasadına çox sayda eyvan və lociya əlavə edir.
[Шамиль Фатуллаев. Градостроительство Баку XIX—начала XX веков. Ленинград-1978]
1918-1920-ci illərdə bu binada Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəlixan Xoyski yaşamışdır.
Sovet dövründə bina milliləşdirilmişdir və bu, çoxsaylı dağıdılma, əlavələr və yenidən qurulmalara səbəb olmuşdur. Burada Azərbaycan SSR-in Mərkəzi İcraiyyə Komitəsi yerləşmişdir. Sonralar ev yaşayış mənzilləri kimi istifadə edilmişdir. 2000-ci illərdə binanın sakinləri köçürülmüşdür və bina tam bərpa olunmuşdur.
[https://vzglyad.az/news.php?id=49202]
2001-ci ildə Sadıqov qardaşlarının mədaxil evi yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.



