Bu gün, 9 sentyabr tarixində Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri”ndə Samvel Şahramanyan separatçıların yeni “prezident”i kimi seçilib. 22 “deputat” Şahramanyanın lehinə, 1 nəfər isə əleyhinə səs veriblər. Baş vermiş qanunsuz fəaliyyətlə bağlı Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda bildirilir ki, aparılan qanunsuz fəaliyyət Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.
“Qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçı siyasətinin davam etməsi üçün addımlar atan Ermənistan və onun yaratdığı qondarma rejim sülh prosesində həqiqətən maraqlı deyil və bunun əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub”, – press-relizdə deyilir.